Məzmuna keç

Erməni saxtakarlığı

Vikimənbə saytından
Erməni saxtakarlığı
Müəllif: Bariz Əsədov
"Azərbaycan"


Bunu onların tarixçiləri də etiraf edirlər

[redaktə]

"Erməni çarlığı ləğv edildi, bir daha dirçəlmədi". Bu, eramızın IV əsrində baş verib və bunu yazan erməni tarixçisi Zəkəriyyə Kanakersidir. Bu da onun sözləridir: "Cahan şah (1435-1467) Atropatenə və bütün İrana şahlıq edirdi". Deməli, Cahan şahın vaxtında Atropaten öz adını qoruyub saxlayırmış və Cahan şah həm doğma vətəni Atropatenin, həm də İranın hökmdarı olub. Cəlilabad Rayon Təhsil Şöbəsinin məsləhətçisi, qocaman müəllim, Azərbaycan tarixinin yorulmaz tədqiqatçısı Rəşid Əsgərov söhbətə bu faktın şərhindən başladı:

  • Atropatenə bəzən dövrünün ikinci, üçüncü dərəcəli ölkəsi kimi baxırlar. Əslində o, eramızdan əvvəl iki yüz ildən artıq müddətdə çox qüdrətli dövlət kimi tanınıb. Səfəvi şahları İran şahları yox, sırf Azərbaycan şahları olublar. Cahan şah isə İrandan sonra Osmanlı torpaqlarına qədər əraziləri fəth edib. Cahan şahın nəvəsi Sultan Yaqub hakimiyyətə gəldikdə (1478-1490) səfəvilərlə münasibəti yaxşılaşdırmaq üçün bacısını Şeyx Heydərə ərə verib. Şeyx Heydər 1488-ci ildə Şamaxı hakimi Fərrux Yasarla döyüşdə öldürülüb. Əlvənd Mirzə şahlığı ələ keçirərək Gürcüstana və Ermənistana da yiyələnib. Şeyx Heydərin oğlu İsmayıl 1501-ci ildə Təbrizdə özünü şah elan edib. Şah İsmayıldan sonra oğlu Təhmasib taxta çıxıb, ölkəni oğrulardan, yolkəsənlərdən təmizləyib, ağır vergiləri ləğv edib. Kanakersi onun ürəyiyumşaq, xristianlara qarşı mərhəmətli şah olduğunu yazır. Şah Təhmasibin oğlu Məhəmməd Xudabəndənin vaxtında ölkə Səfəvi bəyləri arasında bölüşdürülür. Osmanlı Fərhad paşa İrəvanı alır və yenidən bərpa etməyə, abadlaşdırmağa başlayır. Xudabəndə qoşun toplayıb İrəvanı geri qaytarmağa gedir, ancaq döyüş baş tutmur.
  • Sonralar bu, onun oğlu Şah Abbasa nəsib olur.
  • Bəli. Kanakersi I Şah Abbasın hakimiyyətə gəlməsini belə təsvir edir: Şah taxta oturan kimi təğyiri-libas olub ölkəni gəzməyə çıxır. Gəlib Gülçəkan kəndinə çatır. Bərk yağış yağırmış. Böyük bir malikanənin həyətinə girir. Görür eyvanda bir kişi oturub. Soruşur: "Şahın xatirinə məni qonaq saxlarsanmı?" Cavab alır: "Şah adını çəkdinsə, əziz qonağımsan". Ev yiyəsi şahı səliqə ilə təmizlənmiş otağa aparır, xəz dəri gətirib paltarlarını soyunmuş qonaqların çiyninə atır, od qalatdırır, süfrə açdırır. Birlikdə yeyib-içir, şirin söhbət edirlər. Sonra yataq hazırlanır, içəridən qapılar bağlatdırılır, atlar yerbəyer olunur. Səhər tezdən şah ev sahibinə razılıq edir: "Xidmətinizin haqqını alın". Kişi deyir: "Şahın adını çəkən qonaqdan biz yediyi bir tikə çörəyin haqqını almırıq. Onda mən Allahın nemətlərindən məhrum olaram". Şah nökərlərindən xəbər alır: "Ağanın adı nədir?" Cavab verirlər: "Allahverdi". Şah saraya qayıdan kimi Allahverdini çağırtdırır. O, kəmali-ədəblə geyinir, qılıncı boynuna sarıyır, şahın hüzuruna gəlir və görür ki, taxtda həmin qonağıdır. Şah sual edir: "Qonaq, istəyirəm sənə gözəl geyim verim, necə olar?". Qonaq deyir: "Çox yaxşı". "At, yəhər bağışlayım". - "Çox yaxşı". "İçərisində hər bir şeyi olan çadır bağışlayım". - "Çox əla". "İstəyirəm sənə Şirazın xanlığını tapşırım, necə olar?" - "Bu, hamısından yaxşı olar". Şah Şirazın xanlığını ona tapşırır və əmr edir: "Nə istəyir verin!".
  • İndi erməni alimi M.O.Darbinyan-Melikyan Şah Abbasın əslində müsəlman olan vəziri Allahverdi xanı da erməniləşdirib.
  • Bax Ermənistanın çağdaş alimləri tarixi hadisələri belə saxtalaşdırır, hətta hörmətli, ağıllı adamlarımızı da öz adlarına çıxırlar. Bircə o qalıb ki, Azərbaycan Səfəvi şahlarına, onların İrəvanda xanlıq etmiş nəslinə də erməni desinlər. Kanakersi isə düzünü yazır: "Şah Abbas İrəvanı alandan sonra Əmir Qun xanı ora hakim təyin edir. O, hakimiyyətə başlayan təki xeyirxah əməllərlə məşğul olur, tikinti-abadlıq işləri aparır, vergiləri azaldır, kisə-kisə çörək bişirtdirib İrəvanın inşasında çalışanlara paylayır, beləcə yaşayıb şəhər və kəndləri abadlaşdırır. Xan xristianların evlərini gəzir, onlarla oturub-durur, onlardan hal-əhval tuturdu. Kotayk və Anburd hakimləri məlik Davudla və Gözəl bəylə məsləhətləşirdi. Hərdən əyalətdə şər işlər də baş verirdi. Bir gün bir alvan katalikosunun yerləşdiyi kanadzasar kilsəsinə gedir (erməni yox, alvan, erməni katalikosu yox, alvan katalikosu, erməni kilsəsi yox, alvan kilsəsi. Görünür, o zaman alvanlar ayrıca xalq olublar, erməni dilində yox, öz dillərində danışıblar - B.Ə.) O, kilsədə bir müddət şagirdlik edir, sonra dələduzluğuna görə alvan katalikosu tərəfindən dini addan məhrum olunur".
  • Kanakersinin yazdıqlarından bu nəticəyə gəlmək olar ki, 1435-ci ildən 1700-cü ilədək bütün Ararat əyalətini Azərbaycan Səfəvi şahları və xanları idarə ediblər.
  • Elədir. O, "Xronika"sında, öz sözləri ilə desək, Cahan Pəhləvandan tutmuş Şah Səfəviyə kimi olan dövrlərdən, Şah Səfidən Şah Hüseynə qədər Ararat əyalətindəki vəziyyətdən, Əmir Qun xandan başlamış Fərzəli xanadək İrəvan hökmdarlarından danışır. Müasir erməni alimləri isə II Tiqranın vaxtında az müddətə işğal olunmuş Azərbaycan torpaqlarını Böyük Ermənistan adlandırır, Azərbaycandan torpaq iddia edirlər. Bəs biz əsrlər boyu Azərbaycan şahları və xanları tərəfindən idarə olunmuş İrəvanı, Ermənistan torpaqlarını geri qaytarmaq istəsək, ermənilər buna necə baxarlar? Kanakersinin "Xronika"sından bu da bəlli olur ki, Səfəvi şahları, İrəvan xanları və yerli əhali əsasən türk dilində danışırmışlar, eyni zamanda Əfqanıstandan Aralıq dənizinə, İrəvan yaylasından Şimali Qafqaza qədər böyük ərazidə məskunlaşmış xalqların hamısı bir-biri ilə türk dili vasitəsilə ünsiyyət saxlayırmış.
  • ... Təhmasib Qulu xan osmanlılarla davada görür ki, düşmən tərəfi bütün düzənliyi bürüyüb, bərkdən əmr edir: "Xavtur, qızılbaş, xavtur!", yəni "Haydı, qızılbaş, haydı!". Əsl-nəsəbsiz bir iranlı bağırır: "Beş batman tarunun nə xavu olar?" -"Beş litr darıyla hara getmək olar?". Təhmasib bu sözdən qəzəblənib qəti hücuma keçir, osmanlıları məhv edirE
  • ...II Şah Abbas Zal xanı İrəvana göndərir. Zal xan əyan-əşrəfi çağırır, İrəvana xan təyin olunduğunu elan edir. Məclisdəkilər onu təbrik eləyir, ucadan qışqırırlar: "Zal xan İrəvanın xanıdır, umri çox olsun!"
  • ...Şah Hüseyn Murtuza Qulu xanı İrəvana göndərir. Lakin sonra onu qoşuna "tvankçı başı - "tüfəngçi başı" təyin edir.
  • ...Bir dəfə müsəlmanların başçısı yəhudilərin yanına gedib görür ki, onların başçısı yüksək taxtda oturub. Müsəlman ona deyir: "Cühud, düş ordan, paşa səni istəyir".

...Bir gün Şah Abbas gəzintiyə çıxır. Bu zaman Ter Stepan adlı erməni rahibi ona yaxınlaşıb aman istəyir. Şah deyir: "Bərəkallah, keşiş, dua eylə, keşiş!"

  • ...Bir keşiş Təhmasib Qulu xana qazının ondan rüşvət almasından şikayətlənir: "Sadatlu (səadətli) padişağ, arzu xalıma muruat eylə". Xan qazını çağırır. Qazı hər şeyi boynuna alır. Təhmasib qəzəblə deyir: "Xar kimi divanda rüşvət alır, cəzası budur, de". Qazını öldürtdürür. Sonradan keşişə xalq arasında "qazıqran" ləqəbi verirlər.
  • ...Təhmasib Qulu xan İrəvanda bir nəfərlə rastlaşır. O, üzünü gizlədir. Xan əsəbiləşir, naməlum adamın sifətini açır və eybəcərliyini görüb deyir: "Nallat sənin suruna-suratuna".

Erməni tarixçisi Zəkəriyyə Kanakersi yaşasaydı, yəqin ki, o da çağdaş saxtakar həmkarlarına belə deyərdi: lənət sizin sir-sifətinizə!