Etmiş bu gün ərş üzrə zühur şəmsi-imamət

Vikimənbə saytından
Etmiş bu gün ərş üzrə zühur şəmsi-imamət
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 62

Etmiş bu gün ərş üzrə zühur şəmsi-imamət,
Sanki yerə göydən ələnib nuri-səadət.
Mövcuddu bu mövludi-müşərrəfdə şərafət,
Çox ali viladətdir, əzizim, bu viladət,
Neyçünki bu, mövludi-Qəribəl-Qurəbadır.

Mövludun ilə qərq elədin aləmi nurə,
Kim duydusa bu xoş xəbəri, yetdi sürurə,
Bu şəmsdimi əbri yarıb gəldi zühurə,
Ya Həzrəti Musadı gələn vadeyi-Turə,
Kim cümlə-cahan şəşəeyi-nuri-Xudadır.

Bəh-bəh, bu nə güldür ki, tutub aləmi ətri,
Olduqca nəcibdir həmi hüsnü, həmi ətri,
Cənnətdə, gülüm, məst eləyib Adəmi ətri,
Min ölmüşü bir dəmdə dirildib dəmi-ətri,
Cənnət gülüdür bu, güli-gülzari-Xudadır.

Oldu üzü Cənnət, ləbi Kövsər, qədi Tuba,
Oldur fələki-rifətara şəmsi-müəlla,
Oldur çəməni-izzətara tər güli-rəna,
Oldur sədəfi-xilqətara dürri-müsəffa,
Nəzzarəsi hal əhlinə nurani səfadır.

Bir yol nəzəri-feyz ilə baxsan mənə sarı,
Bəlkə, bu nəzərdən könül aram ola barı.
Sən xatiri-Peyğəmbəri-Əkrəm, səni Tarı,
Ey şah, nola şad elə lütfünlə Vüqarı,
Dərgahına gəlmiş bir üzü qarə gədadır.