Evində
Görünüş
Evində Müəllif: Molla Pənah Vaqif |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Duruban eşqilə güzar eylədim,
Bir pərinin oldum mehman evində.
Zərrəcə görmədim hörmət, izzətin,
Qaldım elə, peşman-peşman evində.
Ta ki, məni gördü ol qəlbi qara,
Çəkdi yaşmağını o gül rüxsara,
Döndərdi üzünü, tutdu divara,
Sanasan ki, yoxdur insan evində.
Dodağı şəkərdir, göftan şərbət,
Nə fayda, eyləməz şirin məhəbbət.
Məxlesi ki, yoxdur onda bir ləzzət,
Boldur elə acı qəlyan evində.
Keçmə o dilbərin sən otağından,
Tər bənövşə qoxar hər bucağından.
Sanki bir guşədir cənnət bağıdan,
Açılıbdır güli-əlvan evində.
Vaqif, bir kimsə ki, bizdən yaşına,
Yəqin bil ki, bizlən olmaz aşina.
Gəldiyimiz heç gəlmədi xoşuna,
Tapdım mən halım ürfan evində.