Məzmuna keç

Ey əzəli can ilə cananımız

Vikimənbə saytından
Ey əzəli can ilə cananımız
Müəllif: İmadəddin Nəsimi


Ey əzəli can ilə cananımız!
Eşqi-rüxündür əbədi şanımız.

Kə’bə üzündə bizə, ey Fəzli-həq,
Zülfü rüxün qibləvü imanımız.

Vəchinə yazdı otuz iki hüruf,
Hikmət ilə münşiyi-ərkanımız.

Surəti çün əhsəni-təqvim imiş,
Səndə zühur eylədi sübhanımız.

"Səvvərəkəllahü əla şəklihi"
Üştə nəbinin sözü bürhanımız.

Mö’minə həq dünyanı zindan dedi,
Möminə çox qalmaya zindanımız.

Uymadı arif sözünə vaizin,
Divə müti’ olmadı insanımız.

Əvvəlü axırda üzündür, üzün,
Sün’i-xuda, qüdrəti-yəzdanımız.

Kim ki, sücud eyləmədi hüsnünə,
Divi-lə’in olduvü şeytanımız.

Can necə tərk eyləsin, ey can, səni,
Çünki canın canısan, ey canımız!

Pərdə üzündən götür, ey surətin
Fəzli-ilahi ilə rəhmanımız.

Eynimə sənsiz tikan oldu cahan,
Qandasan, ey tazə gülüstanımız?

Ta biləsən kim, necədir, ey fəqih,
Adəmi-xaki ilə ehsanımız.

Hüdhüdü Bilqeysə rəsul eylədi,
Naməni göndərdi Süleymanımız.

Cövr ilə yandırdı Nəsimiyi dust,
Həm bu idi dust ilə peymanımız.