Ey Məsihadəm, niyə can vermədin cansızlara?
Ey Məsihadəm, niyə can vermədin cansızlara? Müəllif: İmadəddin Nəsimi |
Ey Məsihadəm, niyşə can vermədin cansızlara?
Ol ki, hər dəm can ilə aydır ki, canan sizlərə.
Ləblərin abin məni-diltəşnədən qılma diriğ,
Nola dərman eyləsən bu dərdi dərmansızlara.
Abi-heyvan qiymətin heyvana sorma, Xızra sor,
Çünki idrak eyləməz hər dəgmə heyvan sizlərə.
Hüsn içində Yusifi-Kən’ana təhsin etməzəm,
Onların dövranı keçdi, gəldi dövran sizlərə.
Barmaq ilən göstərərlər kim, üzündür qibləgah,
Ol şəhadətdən dönübdür küfri-iman sizlərə.
Dilbəra, könlündə yoxdur aşiqə qılmaq vəfa,
Xeyri qoymaz miskinə qılmağa şeytan sizlərə.
Çün Süleyman mülkünü qoyduvü getdi dünyadan,
Qaldı andan sonra bu mülki-Süleyman sizlərə.
Eşq içində binəva qaldım, hədər cəhd eylərəm,
Halımı ərz edə bilmən, şahi-xuban, sizlərə.
Əhli-aləm ildə bir qurban edərlər eyd içün,
Hər zaman qurbanınam, ey cümlə qurban sizlərə.
Lütfü ehsan vaxtıdır, şaha, mənə ehsan gərək,
Çün əzəldən qismət olmuş lütfü ehsan sizlərə.
Ey Nəsimi, xubların bir başı vardır, min dili,
Eşqilə bel bağlama bu əhdü peymansızlara.