Ey Xaqani, könül vermə gücü artan dostuna
Ey Xaqani, könül vermə gücü artan dostuna Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Ey Xaqani, könül vermə gücü artan dostuna,
Düşməndən də zərər görsən, qüssələnmə-heç zaman.
Allahdandır yaxşı-yaxşı nə baş versə dünyada,
Buna görə dost-düşməndən olma heç vaxt bədgüman.
Allah özü nəzər salsa sənin güzaranına,
Nə düşməndən xovf et, nədə kömək gözlə dostlardan!
Bir dostuna arxalanıb, işə əncam vermə heç,
Bu dost bir gün düşmən olub, sənə vurar çox ziyan.
Düşmənə də kinli olub, zərər vurma ona sən,
Dönüb bir gün dost olarsa, halın olar pərişan.
Dostun sənin hünərini tərifləsə, nə eybi,
Ancaq düşmən eyib tutsa, artar hünərin, inan!
Çünki, ondan qorxub, daim çalışarsan cəhd ilə,
Dostun isə tərifindən boş təkəbbür taparsan.
Demək, düşmən tənəsinin mənasında dostluq var,
Kəmalə tez çatmaq üçün sənə olar nərdivan.
Belə isə, uzaq düşmən yaxın dosta çevrilər,
Dostunsa öz tərifilə kəsilər sənə düşman.
Kimlə dostluq etsən, ona həddən artıq bağlanma.
Düşməndən də qafil olma ki, xətərə düşər can.
Sözlərimi əgər qəbul etməyirsə şüurun,
Onda bil ki, şüurunda vardır böyük bir nöqsan.