Məzmuna keç

Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə

Vikimənbə saytından
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə
Müəllif: Hacı Rza Sərraf
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə,
Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.

Xəmi-zülfün çəməni-arizə çəm tək döşəmə,
Mayil olma bu qədər çəm-xəmə, qurban gözünə.

Görürəm, xalq deyər qaşına qurban kəsilim,
Deyirəm mən yenə, bainhəmə, qurban gözünə.

Hər səri-muyi-kəcində, düzü, min aləm var,
Necə verrəm səni bir aləmə, qurban gözünə.

Var gözəlim, çün dəmi-İsa, dəmi-canbəxşində,
Gəl otur, bircə verək dəm-dəmə, qurban gözünə.

Dini yox, kafiri-sərgəştədi, bədnam olusan,
Vermə üz zülfi-xəməndərxəmə, qurban gözünə.

Necə kim, Yusifə dedilər: Bu mələkdir, nə bəşər,
Səndə var indi həman həmhəmə, qurban gözünə.

Qoymusan indi ki, Sərraf adını aşiq əmən,
Ver icazə ləbi-ləlin əmə, qurban gözünə.