Ey can! Eylə nəzər! Bir qədərdən birlikdə içək
Ey can! Eylə nəzər! Bir qədərdən birlikdə içək! (1997) Müəllif: RAUF CAVAD |
Süz qədəhlərə ey Canan, dərddən birlikdə içək,
Olaq sərxoş şərabdan, kədərdən birlikdə içək.
Ey gül üzlü Yar! Bu könül dəli, əsir zülfünə,
Ey can! Eylə nəzər! Bir qədərdən birlikdə içək!
Sevdi Səni mən, nəfsi məhəbbət, qəlbi qəbahət,
Qıl məni Yar həmsöhbət, dərd-sərdən birlikdə içək.
Sənki xəlq eyləmisən dəli Aşiqi səhrada,
Yar, Leyla surətində gəl hərdən birlikdə içək.
Məcnun dəli bir sözdür, Leyla gözündə od-közdür,
Yandır nəfsi eşqində, qəhərdən birlikdə içək.
Gecələr soyuq, nəfəs isitmir ruhsuz bədəni,
Ey Yar! Ruh ver səhnəyə! Səhərdən birlikdə içək!
Bu əsər Badi-Səba ki, əzəldən Qəmli əsər,
Gəl bu sözə qıl nəzər, xəzərdən birlikdə içək.
Ölüm Aşiqə Şirin, Rauf deyir sözü dərin,
Gözünə diqqət elə! Nəzərdən birlikdə içək!