Ey dil, hәzar şükr, xәbәr gәldi yardәn

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ey dil, hәzar şükr, xәbәr gәldi yardәn
Müəllif: Ağa Hacı Molla Tağızadə

Ey dil, hәzar şükr, xәbәr gәldi yardәn,
Şükr et, qutardın axırı bu intizardәn.

Ey göz, kәnarә qoy dәxi qan ağlamağını,
Oldun xilas sәn dә dәxi ahü zardәn.

Dәrdi-xәzan hicrini çәkmişdim, aqibәt,
Verdi sәba xәbәr o güli-novbahardәn.

Ey mәqdәmin fәdası, bәlalar çәkәn başım,
Gәl, gәl ki, keçdi sәbrü qәrarım qәrardәn.

Eşqindә qoydular mәnә Mәcnunluq adını,
Düşdüm bu xәlqi-alәm ara etibardәn.

Sәd şükr kim, yetişdi sәnә vәdeyi-vüsal,
Bixud, şikayәt etmә dәxi ruzigardәn.