Məzmuna keç

Ey dilbər, sevən sevgidən qocalarmı?

Vikimənbə saytından
Ey dilbər, sevən sevgidən qocalarmı? (1994)
Müəllif: RAUF CAVAD

Gözlədikcə yarı, ay olub bir yarı,
Baxır qəm-gözlər, yollara iki sarı.

Gəlişindən yoxdur xəbər, nazlı yarım,
Nə olacaq halım, ey nigarım, varım!

Xəyalın gəlir qəmli gözlər önünə,
Dərdlidi rövşən, həsrətdi yar gözünə.

Zaman dayanar, əgər baxsa sinəmə,
Şair vəsf edir eşqi, alır qələmə.

Kaş gələydi yar, nur dolardı qəlbimə,
Əli dəyəydi ağlayan gözlərimə.

Baxaydım yarın mənalı gözlərinə,
Olaydım xumar, dilbərin sözlərinə.

Bir kərə söyləsə, sevirəm sevgini,
Ürək dil açıb söylər, yar, ver dərdini.

Aşiqin işidir çəkmək əziyyəti,
Sevginin ölçülməz, əsla keyfiyyəti.

Yanır dəli ürək, yarın həsrətinə,
Gəlməz oldu, dözmür səbrim xəlvətinə.

Axı necə dözsün ürək, dərd-kədərə,
Zaman, yaş ötür, ömür gedir qədərə.

Ey dilbər, sevən sevgidən qocalarmı?!
Gözləməkdən yar yolunu, dərd yanarmı?

Artıq həsrətdən qədqamət də bükülür,
Ağaran ağ saçlar, hər an ağlar düşür.

Rauf, göz yaşları ruhumu bürüyüb,
Dil susub, yanan ləblər dərddən büzülüb!