Ey diriğa kim, cahanda yarü həmdəm kəmdürür
Görünüş
Ey diriğa kim, cahanda yarü həmdəm kəmdürür Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.232. |
Ey diriğa kim, cahanda yarü həmdəm kəmdürür,
Xubların cövründən özgə kim mənə həmdəmdürür?
Ey günəş üzlü həbibim, şad qılğıl sən məni
Kim, fərağından bu canü dil qəriği-qəmdürür.
Gər inanmazsan ki, qəmzən yıxdı könlüm şəhrini,
Bəs bu fəryadım nədəndir, didə qandan nəmdürür?
Və’deyi qoy, ey könül, gəl bu dəmi xoş görəlim,
Dün ki, keçdi, danla qaib, bəs bu dəm xoş dəmdürür.
Gər desəm vardır cahanda, sənsən, ey könlüm alan,
Dil sənindir, can sənindir, mən mənim bəs nəmdürür?
Zahidin mehrab içində zikrü taətdir işi,
Aşiqin məhbub önündə çəngi zilü bəmdürür.
Bir nəzər qılğıl Nəsimi halına, gör kim, necə
Sözləri fəryadü naliş, gözləri Zəmzəmdürür.