Məzmuna keç

Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır

Vikimənbə saytından
Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır
Müəllif: Fatma xanım Kəminə
Mənbə: Fatma xanım Kəminənin şeirləri — azadliq.org saytı. Yayımlanıb: 11.03.2013.

Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır,
Qəmi-hicrində onun qəmli könül virandır.

Biz dedik, bir oxuya, ləzzəti-ruhani verə,
Almadı boynuna, lakin, oxuyub çalandır.

Ala gözlər süzülüb. nərgisi-fəttanə dönüb,
Baxışı can alıcı kim, deyəsən ceyrandır.

Belə xurşidliqa bir mahi-taban olmaz,
Olsa yüz canım əgər cümlə qurbandır.

Derimiş mən də belə maili-zülfü xaləm,
Elə aşüftədi kim, bu sözü həm yalandır.

Çun töküb qəmzə oxun. sinəmi amac qılıb,
Dil dönüb qanə, nedim, könlüm evi virandır.

Hərəkət cümlə əzasında müxəmmərdir onun,
O qədər balü pər açmış deyəsən tərlandır.

Gər yüzüm gülsə də xəlq içrə gülüşdür bica,
Qəm hücumavər olubdur, bu dilim talandır.

Ey Kəminə, belə şuxi də sən əldən qoyma,
Dəxi düşməz əlinə kim, bu da bir dövrandır.