Ey gözüm, gəl ağla bu nohəmə

Vikimənbə saytından
Ey gözüm, gəl ağla bu nohəmə (1997)
Müəllif: RAUF CAVAD

Ey gözüm, gəl ağla bu nohəmə,
Yarın atəşi düşüb sinəmə.

Görsən əgər halimi ağlarsan
Sinəmdəki qıvrılan dərd-qəmə.

Almış sinəmin üstünü qəhər
Hayqıraraq car çəkir aləmə.

Bulud tək yağdırır yağışı göz,
Dolur qətrə-qətrə su, şüşəmə.

Kaş görsən necə sızlar ürəyim,
Bənzər bu əsər Əsli Kərəmə.

Əcəb sevdadır yandırır məni,
Düşüb könlüm nazlı bir Sənəmə.

Olmaz ki, sevmədən üzülməmək?
Əzəldən talibdir qəm Adəmə.

Ucalır ahım yerdən göylərə,
Rauf, gəl al bu dərdi qələmə!
  ...Müəllif:Rauf Cavad