Ey gözüm, vermə könül bu gözü xummarılərə
Görünüş
Ey gözüm, vermə könül bu gözü xummarılərə Müəllif: Hacı ağa Fəqir Ordubadi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey gözüm, vermə könül bu gözü xummarılərə,
Olma mayil bu qara qürrəli dildarlərə.
Mahrulərdə tapılmaz əsəri-mehrü vəfa,
Hiç kəs olmıya aşiq belə xunxarlərə.
Bir qəra didəlinin zülfu salıb hülqümə ğüll,
Məni axır çəkəcək kuçəvü bazarlərə.
Ey yüzi gül, ləbi püstə, dəhəni qönçeyi-təng,
Unudub bülbülü, yar olmagilə xarlərə.
Yataram fikri ilə hər gecə ol türrələrin,
Yuxuda tuş oluram əfiyi-şahmarlərə.
Xəmbəxəm zülfinə bağlı nə mənim könlüm olub,
Bəlkə min xəstə könül bağlanıb ol tarlərə.
Ey Fəqir, yoxdu nigarın kimi bimehrü vəfa,
Hiç rəhm eyləmiri didəsi xünbarlərə.