Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi
Görünüş
Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi Müəllif: Məhəmməd Füzuli |
Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi,
Ruzigarım qəmi-eşq ilə siyah etmə dəxi!
Ey gözüm yaşı, bu sərgəştəliyin tərkin qıl,
Sərvqamətlərə qəti-səri-rah etmə dəxi!
Ey könül, ömrümü verdin yelə aşiqlik ilə,
Baxma hər qönçələbü gülrüxə, ah etmə dəxi!
Baxma, ey can, xətü rüxsarına məhbublərin,
Ehtiyat eylə, günah üzrə günah etmə dəxi!
Qılma, ey eşq, mənə ərz pəriçöhrələri,
Surəti-halimi ləhv ilə təbah etmə dəxi!
Götür, ey nəfs, həvavü həvəsin aləmdən,
Hərzə-hərzə tələbi-rifəti-cah etmə dəxi!
Ey Füzuli, meyü məşuq məzaqın tərk et,
Özünü asiyi-dərgahi-ilah etmə dəxi!