Ey həbibim, dilbərim, vey sevgili yarım mənim
Ey həbibim, dilbərim, vey sevgili yarım mənim Müəllif: İmadəddin Nəsimi |
Ey həbibim, dilbərim, vey sevgili yarım mənim,
Vey dilaramım, nigarım, bəxti-bidarım mənim.
Ey güləndamım, gülüm, vey bülbülüm gülzar ilən,
Işrətim, eyşim, tərəbim, türfə əyyarım mənim.
Rahətim, ruhum, rəvanım, can içində sənmisən,
Qüvvətim, püştüm, pənahım, sirrü əsrarım mənim.
Yusifim, Misrim, Əzizim, dövlətim, başım tacı,
Şəkkərü qəndü nabatım, türkü tatarım mənim.
Səbrim, aramım, qərarım, qiymətim, qədrim bilən
Fikrim, əndişəm, xəyalım, varlığım, varım mənim.
Nazikim, xubum, lətifim, mehribanım, tazə gül,
Munisim, canım, rəfiqim, şol vəfadarım mənim.
Sərvərim, şahım, əminimsən, humayun kölgəlim,
Həm yenə səndən düzülmüş uşbu bazarım mənim.
Cənnətim, hurim, nəimim, kövsəri-mai müin,
Görk içində gündən ayrı hüsnü dildarım mənim.
Kə’bəmü qibləm, sücudum qaşların mehrabıdır
Üzümü döndərməzəm gər, asalar, darım mənim.
Seyyidin razü niyazı, məhrəmi sənsən bu gün,
Həm sana gəlmiş əzəldən sidqü iqrarım mənim.