Məzmuna keç

Ey könül, məhv eylə dildən vəsli-canan surətin

Vikimənbə saytından
Ey könül, məhv eylə dildən vəsli-canan surətin
Müəllif: Molla Zeynalabdin Sağəri


Ey könül, məhv eylə dildən vəsli-canan surətin,
Nəqş qıl qəlbində bundan böylə hicran surətin.

Adət eylə, ey könül, hicran odunda yanmağa,
Gəl fəramüş eylə ol mehri-dirəxşan surətin.

Yox vəfası dilbərin, hərgiz vəfa etməz sənə,
Eyləmə hərgiz təmənna mehri-taban surətin.

Kafır oldun zülfı-pürçinində, ey dil, tövbə qıl,
Gəl çıxar dildən bu gün zülfi-pərişan surətin.

Ey könül, eşqi-həqiqətdən dəm ur, bir Həqqi tap,
Xatirindən məhv qıl ol mahi-Kənan surətin.

Yandıdı pərvanə tək balü-pərin hicr oduna,
İstəmə hərgiz cahanda şəmi-suzan surətin.

Gəl həyatından götür əl, Sağəri, xoşdur məmat,
Arzu qılma ləbi-ləlü zənəxdan surətin.