Ey könül, son gəl bu yari-bivəfadan əl götür

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Ey könül, son gəl bu yari-bivəfadan əl götür
Müəllif: Məhəmməd Hidəci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Ey könül, son gəl bu yari-bivəfadan əl götür,
Qoy səni bu dərd öldürsün, dəvadən əl götür!

Yar-yoldaşdan ümid üz, qövm-qardaş istəmə,
Yumgilən biganədən göz, aşinadən əl götür!

Oxşadın gül üzləri, öydün bu qarə gözləri,
Hasili noldu? Həvəs bəsdir, havadan əl götür!

Fitnədir eşqi-məcazi, fitnədən qorxmaq gərək
Eşqi-nəfsani xətadır, bu xətadan əl götür!

Ey məni gözdən salan mehrü vəfasız sevdiyim,
Gər yoxun mehrü vəfa, barı cəfadan əl götür!

Vədə vermişdin necoldu? Əhd qılmışdın hanı?
Kim dedi, sən əhdini sındır, vəfadan əl götür?

Zahidi-biçarə, bəsdir bir belə qıldın namaz,
Səbhəvü səccadənı yığ, bu riyadan əl götür!

Bir belə, ey xacə, yığdım mali-dünya, doymadın?
Ta nə vaxta hirs? Bu fani səradən əl götür!

Taciri-bədnəfəs, xoşzahır, peyəmbərdən utan,
Bəsdir, ey namərd, tənzilü ribadan əl götür!

Ey dadaş, keçdi cavanlıq mövsimi-surü sürur,
Yığ büsati-işrəti, seyrü səfadan əl götür!

Ta bilirsən, əqlə qulluq eylə, nəfsin burnun ov,
Düş pərilər ardına, divi-dəğadən əl götür!

Öz gümanımda budur: Mən aqilü fərzanəyəm,
Laf vurma, Hidəci, bu iddiadən əl götür!