Məzmuna keç

Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır

Vikimənbə saytından
Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.246. 22 avqust 2017 tarixində arxivləşdirilib

Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

Ey sənəm, hicran əlində naleyi-zar eylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Ol səbəbdəndir ki, mən bimarü-rəncur olmuşam,
Xəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır.

Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal,
Ol günəş üzlü həbibim, lə’li-xəndan ayrılır.

Taqətim, səbrim tükəndi, yarsız mən neylərəm?
Əqlimi şeyda qılan ol çeşmi fəttan ayrılır.

Məhşəri-yövmül-hesab, qopdu qiyamət başımə,
Çünki, ey Yusuf sifətli, piri-Kən’an ayrılır.

Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə?
Hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır.