Ey müsəvvir, yar timsalinə surət vermədin
Görünüş
Ey müsəvvir, yar timsalinə surət vermədin Müəllif: Məhəmməd Füzuli |
Ey müsəvvir, yar timsalinə surət vermədin,
Zülfü rüx çəkdin, vəli, tabü təravət vermədin.
Eşq sevdasından, ey naseh, məni mən eylədin,
Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.
Dün ki, fürsət düşdü xaki-dərgəhindən kam alam,
Noldu, ey göz yaşı, göz açmağa fürsət vermədin.
Göz yumub aləmdən, istərdim açam rüxsarinə,
Canım aldın, göz yumub-açınca möhlət vermədin.
Bumudur rəhmin ki, xalin eylər ikən qəsdi-can,
Çıxdı xəttin kim onu mən edə, rüxsət vermədin.
Vermə hüsn əhlinə, ya rəb, qüdrəti-rəsmi-cəfa,
Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermədin.
Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə!
Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin.