Məzmuna keç

Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur

Vikimənbə saytından
Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.234.

Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur?
Şol həbibim, dilbərim, aləmdə varım xoşmudur?

Şol mütərra mişki-zülfündən, səba, vergil xəbər,
Şol üzü gül, qaməti sərvü çinarım xoşmudur?

Şol ləbi lə’lü gözü ahuyi-şəhr la dilfirib,
Şol saçı zülmət, bəni mişki-tatarım xoşmudur?

Qönc içində qönçə olub dürc olur dürri-ədən,
Şol çəmən səhnində açılmış baharım xoşmudur?

Yel əlimdə, su gözümdə, od içimdə xak olur,
Daim anda həşr olıcaq səbzəzarım xoşmudur?

Çün Nəsimi saldı özün eşqinə pərvanətək,
Ey üzü gülşən, sana bu ahü zarım xoşmudur?