Məzmuna keç

Ey nazı çox dilbər, məni yandırma hicrin narinə

Vikimənbə saytından
Ey nazı çox dilbər, məni yandırma hicrin narinə
Müəllif: İmadəddin Nəsimi

Ey nazı çox dilbər, məni yandırma hicrin narinə,
Çün yanaram pərvanətək şəm’-rüxün ənvarinə.

Hicrin şərabı acıdır, müştaqə içirmə anı,
Neçin ki, yar ol ağuyu içirməz, ey can, yarinə.

Hüsnündən, ey şəmsü qəmər, afaqə düşdü fitnələr,
Kimdir yetən əndişəsiz zülfü rüxün əsrarinə.

Dünyavü üqbadə mənə məqsud sənsən, yoxsa mən
Üqbayə sənsiz baxmazam, həm dünyanın miqdarinə.

Vəslindən oldum çün qəni, mən mülkü malı neylərəm,
Mən künfəkani vermişəm vəsli-rüxün didarinə.

Saçır xəyalın nəqşinə lö’löi -şəhvarı gözüm,
Ey dişləri dür, bax anın dürdaneyi-şəhvarinə.

Üzün ənəlhəqqi məni zülfündə bərdar eylədi,
Mənsur olandır asılan aləmdə eşqin darinə.

Təsbih ilə səccadə çün zərq əhlinin ərkanidir,
Aşiqlərə zülfün yetər də’vət qıla zünnarinə.

Gər vasil olmaq yar ilə istərsən, ey aşiq, bu gün
Gəl ur Nəsimi tək qafa kövnü məkanın varinə.