Ey nuri-dilü didə, didarına müştaqəm
Ey nuri-dilü dildə, didarına müştaqəm Müəllif: İmadəddin Nəsimi |
Ey nuri-dilü didə, didarına müştaqəm,
Vey yari-pəsəndidə, didarına müştaqəm.
Ey mahi-pəripeykər, vey huri-mələkmənzər,
Vey lə’li-ləbi şəkkər, didarına müştaqəm.
Ey rəhməti-ilahi, sənsən yerü gög mahı,
Vey qamu xubun şahı, didarına müştaqəm.
Ey şəmsü qəmər üzlü, şirin dodağın duzlu,
Vey şəhdü şəkər sözlü, didarına müştaqəm.
Ey cümlə cahan canı, aşiqlərin imanı,
Vey simü gühər kanı, didarına müştaqəm.
Ey sahibi-təxtü tac, canlar canına möhtac,
Vey görklü üzün me’rac, didarına müştaqəm.
Ey nuri-səmavati, vey məzhəri-ayati,
Vey canü cahan zati, didarına müştaqəm.
Ey eşqi-dürəfşanım, vey bülbüli-bustanım,
Vey nərgisi məstanım, didarına müştaqəm.
Ey buyi-baharıstan, vey huri-nigarıstan,
Vey dilbəri-sərməstan, didarına müştaqəm.
Ey dərdimə sən dərman, tən gövdəvü eşqin can,
Vey tazə güli-xəndan, didarına müştaqəm.
Ey çeşmeyi-heyvanım, sənsiz nedərəm, canım,
Vey şahımü sultanım, didarına müştaqəm.
Ey dilbəri-pünhani, sənsiz nedərəm canı,
Vey Yusifi-Kən’ani, didarına müştaqəm.
Ey hüsnü bidayətsiz, vey lütfü nəhayətsiz,
Vallah ki, bəğayətsiz, didarına müştaqəm.
Ey dilbəri-dildarım, sənsən əbədi yarım,
Vey yari-vəfadarım, didarına müştaqəm.
Ey çeşməyi-heyvanım, sənsiz olımaz canım,
Vey bəhri-gühər kanım, didarına müştaqəm.
Ey dilbəri-simintən, sən canü Nəsimi tən,
Vey sərvü gülü gülşən, didarına müştaqəm.