Məzmuna keç

Ey qübari-qədəmin ərşi-bərin başinə tac

Vikimənbə saytından
Ey qübari-qədəmin ərşi-bərin başinə tac
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.81.

Ey qübari-qədəmin ərşi-bərin başinə tac,
Şərəfi-zatinə ədnayi-məratib me’rac.

Müntəha şər’inə ədyani-təmamiyyi-rüsul,
Bəhrsən, sairi-ərbabi-risalət əmvac.

Xazini-gənci-şəfaət səni qılmış iyzəd,
Hiç kim yox ki, sənə olmaya axir möhtac.

Sünnətin məğfirət əsbabinə minhaci-hüsul,
Ta’ətin mə’siyət əmrazinə tədbiri-ilac…

Xəlqə təqlidi-sülukin səbəbi-hüsni-məaş,
Mülkə təğyiri-təriqin əsəri-sui-mizac.

Qaim olmazdı nizamü nəsəqi-əsli-vücud,
Verməsəydin əsəri-ədl ilə dünyayə rəvac.

Şükr-lillah ki, Füzulini edib daxili-feyz,
Rəğıbətin daireyi-xovfdən etmiş ixrac.