Ey saçın fikri qamu sevdalərin sərmayəsi

Vikimənbə saytından
Ey saçın fikri qamu sevdalərin sərmayəsi
Müəllif: Məhəmməd Füzuli


Ey saçın fikri qamu sevdalərin sərmayəsi!
Olmasın başimdən əksik sərvqəddin sayəsi.

Baş qoyar hər sübhdəm xurşid xaki-payinə,
Bu səadətdən onun gəldikcə artar payəsi.

Sən səlamət kisvətin zivər qıl, ey əhli-səlah!
Kim mənə bəs, muyi-julidəm cünun pirayəsi.

Görməmiş məhdi-zəmin bir tifl sən tək, ta fələk,
Dəhri-zalın qılmış ətfali-rəyahin dəyəsi.

Bərqi-ahindən Füzulinin göyərdi bixəbər,
Dünlər əfğanilə bidar olmasa həmsayəsi.