Ey xədəngi-qəminə sineyi-əhbab hədəf

Vikimənbə saytından
Ey xədəngi-qəminə sineyi-əhbab hədəf
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.177.

Ey xədəngi-qəminə sineyi-əhbab hədəf,
Müntəzir xəncəri-müjganinə canlar səf-səf.

Xaki-dərgahinə hər sübh sürər gün üzünü,
Qaliba ondan ona hasil olubdur bu şərəf.

Haşə lilləh ki, bu divaneyi-şövqi-xətinə
Səbəbi-qeyd ola, zənciri-süturi-müshəf.

Saldı dəryayə səba xəncəri-qəmzən vəhmin
Ki, çıxarmayə dəxi gövhəri-nasüftə sədəf.

Ey könül, aləmə aldanma, sənə rəng verir,
Xakdir kim, onu gəh lə’l qılır, gah xəzəf.

Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim,
Dövr cövründən imiş, növheyi-ney, naleyi-dəf.

Ey Füzuli, tələbi-rütbeyi-irfan eylə,
Cəhl ilə hasili-övqati-şərif etmə tələf.