Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl Müəllif: Kazım ağa Salik |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl,
Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
Asimanə qıl tamaşə, mehrü məh seyrinə bax,
Munca kuhi Bisütuni-bərqərarın fikr qıl!
Gah qırağında qərar et, mövc edən dəryanı gör,
Gah dərya içrə əyləş, həm kənarın fikr qıl!
Əbrü badü bərfü baranın qamusun qıl xəyal,
Bu kəmalı qıl təfəkkür, fəsli-çarın fikr qıl!
Gah dərdü qəm verir könlə, gəhi zövqü sünır,
Gündə yüz gunə dalanan ruzigarın fikr qıl!
Dövlətü mal ilə nadan dəstini qılmış fəraq,
Təngdəst etmiş cahanda huşyarın, fikr qıl!
Demə kim, quşlar həvadə pər ilə pərvaz edər,
Yerdə xoş rəftar edən bipay marın fikr qıl!
Kimsə baş açmaz xudanın etdiyi əfaldən,
Sirrinə yetməz fərasət ruyi-karın fikr qıl!
Həqq özün ayinəvəş rövşən qılıbdır aləmə,
Leyk anı bilməyə qəlbinin qubarın fikr qıl!
Fikr qılma kim, görüm dünyada ol ayinəni,
Hiç kəs görməz bu gün, bəs, razi-yarın fikr qıl!
Öylə pünhandir ki, pünhanlıqda olmuşdur əyan,
Etmə pünhanın təxəyyül, aşikarın fikr qıl!
Müxtəsər, elmi-lədünni hikmətin bilməz bəşər,
Əmrinə eylə itaət, zicrü narın fikr qıl!
Pənc ruzin, Salika, pəncahə yetmiş, eylə şükr,
Etibar etmə cahana, etibarın fikr qıl!