Məzmuna keç

Eylə (İsoy Qurbanov)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Eylə
Müəllif: İsoy Qurbanov


Əliyyən çağırıb düşürəm yola,
Mədət Allah, mədət sən imdad eylə.
Nabələdəm, baxdım sağa həm sola,
Mədət Allah, mədət sən imdad eylə.

Cəhd elədim Lətifimi görmədim,
Görüb nədən sınıx könlün hörmədim.
Bir bağ saldım heyif gülün dərmədim,
Mədət Allah, mədət sən imdad eylə.

Lətif yada düşdü ciyərim oxdu,
Yanımda qohumum, qardaşım yoxdu.
Şahlar, kömək eylə Lətif uşaqdı,
Mədət Allah, mədət sən imdad eylə.

Bu işlərdə hamı millət əli var,
Yaradan var, Məhəmməd var, Əli var.
Qəm çəkmə ay könül, Şiri-Vəli var,
Mədət Allah, mədət sən imdad eylə.

İsoy deyər, ağlım-huşum dərindi,
Havalar qızmayıb hələ sərindi.
Qəm çəkmə ay könül, Allah kərimdi,
Mədət Allah, mədət sən imdad eylə.

Mənbə

[redaktə]