Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl
Görünüş
Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl Müəllif: Məhəmməd Füzuli |
Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl,
Səndən, ey can, münqəte qılmaz məni illa əcəl.
Necə surət bağlasın könlüm xilasi-eşqdən,
Eşqdir bir hal kim, ol halə könlümdür məhəl.
Eşqimə nöqsan gətirməz görməmək ol arizi,
Cövhərə təğyiri-asari-ərəz verməz xələl.
Eylədi rüsva könül çaki-giribani-ədəb,
Gör nə əhli-elmdir, adab ilən eylər cədəl.
Halimi gördükcə məni-əhli-eşq eylər fəqih,
Höccəti-məqtui yox, eylər qiyas ilən əməl.
Mədrəsə içrə müdərris verdiyi min dərsdən,
Yeydürür meyxanədə bir cam vermək bir gözəl.
Ey Füzuli, mən dəm urmuşdum səfayi-eşqdən,
Mətləi-xurşid icad olmadan sübhi-əzəl.