Məzmuna keç

Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir

Vikimənbə saytından
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!
Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir!

Od tutub canım sərasər yandı, amma bilmədim,
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir?

Bilmədim ömrümdə heç bir küfrü iyman hansıdır,
Əhmədü-Məhmud kimdir, Musiyü İsa nədir?

Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim,
Xaliqi-ərzü səma ol fərdi bihəmta nədir?

Sədri-eyvani-cəlalət, şəm-i-bəzmi-kainat,
Afıtabi-ərşi-izzət-”lafəta illa” nədir!

Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvar,
Gəl, xərabat içrə gör bu şurişü qövğa nedir!

Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman,
Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir!

Dur, gözün qurbanıyam, məstane gəl, rindanə ver,
Çox demə Cəmşiddən, İskəndərü Dara nədir!

Lövhəşəllah, kimdi bilməm eşq divanın yazan,
Aşiqü-məşuq kimdir, Vamiqü Əzra nədir!

Şahidi-xelvetnişinim etdi ruxsarın əyan,
Aşiqi-divanə, gəl gör zahirü ixfa nədir!

Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?

Qəzəl Şairin 2004-cü ildə Bakı nəşriyyatında çap olunan Seçilmiş əsərlərinə əsasən Vahid Çəmənli tərəfindən redektə edilmişdir.