Eylədi (Aşıq Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Eylədi Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bir pəri sevmişəm sizin ellərdə,
Məni camalına heyran eylədi.
Bunca bir gözəli bulmadı könül,
Gəzdi bu cahanı seyran eylədi.
Əsli şahzadədi, ismidi Pəri,
Yolunda qoymuşam can ilə səri,
Bir təklif eylədi, getdim içəri,
Dindirdikcə könlüm xəndan eylədi.
Gümüş piyaləlim, altun ayaqlım,
Sürahi gərdənli, qaymaq dodaqlım,
O ceyran yerişlim, ayna qabaqlım,
Qurbani der: məni candan eylədi.