Eylədim
Görünüş
Eylədim Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Dost yolunda yaxa yırtdım, baş açdım,
Gecə-gündüz dadü bidad eylədim.
Öz əlimlə yıxdım özüm evimi,
Müddəilər evin abad eylədim.
Töxmi-həsrət sinəm üstə əkdirdim,
Gözümün yaşıyla bəhrə yetirdim,
Cəfa çəkdim, dərd xırmanı gətirdim,
Onun adın töhmətabad eylədim.
Dost yolunda üz qoyuban baş kəsdim,
Ağlamaqdan bu didəmdən yaş kəsdim,
Şirin üçün Bisitundan daş kəsdim,
Münasib adımı Fərhad eylədim.
Şahin, şonqar bəy oğlunun qolunda,
Seyrəğıblar həm sağında solunda,
Qurbani der: bir namərdin yolunda,
Cavan ömrüm heyif, bərbad eylədim.