Eyləməynən
Görünüş
| Eyləməynən Müəllif: Aşıq Ələsgər |
| Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Nəfs ilə mərifət durab cahada,
Mərfət deyir: – Belə kar eyləməynən!
Nəfs deyir: – Baxma naqqal sözünə,
Xeyrin gələn yerdə ar eyləməynən!
– Günahkardı nə ki yoldan azan var,
İki mələk – xeyir-şəri yazan var.
Nəkreyin var, Qıl körpü var, qazan var,
Rövşən yollarını tar eyləməynən!
– Zimistan çəkmişəm, yeni yaz olub,
Üzüm gözəllərə payəndaz olub,
Sözüm bəyənilib, işim saz olub,
Sən Allah, siftəmi kor eyləməynən!
– Haqq bizə göndərib dəlili-ayət,
Oruc tut, namaz qıl, eylə ibadət,
Mehdi divanında olma xəcalət,
Məhşərdə yerini nar eyləməynən!
– Sən müztərsən, lovğa-lovğa danışma,
Belə sualları məndən soruşma,
Nə xeyrimə, nə şərimə qarışma,
Qarışsan, çıx, yeri dar eyləməynən!