Məzmuna keç

Eyləməz (Aşıq Əsəd)

Vikimənbə saytından
Eyləməz
Müəllif: Aşıq Əsəd
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018.

Ağlı olan namərd ilə
Əhdi-ilqar eyləməz;
Nəfəsinə tabe olub,
Seyri-güzar eyləməz;
Mərifətlə səfa sürsə,
Beş gün ömrü xoş olar;
Ruzi haqdan bərqərardı,
Baxtın şikar eyləməz.

Bəxt əyilib, xəyal dönsə,
Baxtın, olmaz ilhamın;
Ruhun ölər, gözün görməz,
Artar dərdü ələmin;
Şükür zikrin qəbul etməz
Xaliqi-rəbbül-aləmin;
Etiqadın düz olmasa,
Sirrin aşkar eyləməz.

Aşıq Əsəd, xəyal ilə
Gəşt elə, dünyanı gəz;
Müxənnətə sirrin vermə,
Əsli düz olanı gəz;
Zər qədrini zərgər bilər,
Mətahın alanı gəz;
Hər nadana sözün satma,
Qalsa, zərər eyləməz.