Eylər (Ağdabanlı Qurban)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Eylər Müəllif: Ağdabanlı Qurban |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. |
Bilirsənmi a insafsız, a zalım,
Qəzəblənsə, qara gözlər qan eylər.
Mehriban danışıq, a gözəl insan,
Viranə çölləri gülüstan eylər.
Doğru işə düzgün plan yaxşıdı,
Ölümdən qurtaran yalan yaxşıdı,
Acı dildən gürzə ilan yaxşıdı,
Öldürər biryolluq, ya divan eylər.
Nəsiyyət söz milyon-milyon deyildi,
Düzəlmədi haram, bədən əyildi.
Mey içildi, haram tikə yeyildi,
Bunu naqis oğlu, ya şeytan eylər.
Sel başlandı, heç dolmadı boş kasam,
Kamil nəsiyyətə bir qulaq asam.
Nə vecinə mən dünyada olmasam,
Dünya çox çaqqalı şir, aslan eylər.
Zəmanə yaşatdı necə Qurbanı,
Yığdığı sərvəti, xəzinəsi hanı?
Yola saldı neçə şah Süleymanı,
Məhəbbət qocanı şux, cavan eylər.