Məzmuna keç

Eylər (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Eylər (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

"Can" deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
"Çor" deyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan eylər.

Nakəs adam danışıqda saz olar,
Kərəmdən kəm, səxavətdən az olar.
Nütfədən qarışan şeyitbaz olar,
Mərd də sığışdırmaz, nahaq qan eylər.

Bir gün Mansır qalxar, gələr toxmaq-yay,
Dağları atmağa eylər haqq-say.
Seçilməz məhşərdə nə şah, nə gəday,
Xaliqi-ləmyəzəl haqq divan eylər.

Məzəmmət eyləmə mən binəvanı,
Sahibi-səltənət, ey gövhər kanı.
Mənim sözüm yoldan çıxan mollanı,
İnşallah, qaytarar, müsəlman eylər.

Mən istərəm, alim, mömin yüz ola,
Meyli haqqa doğru, yolu düz ola,
Diliylə zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər.