Məzmuna keç

Eylər (Aşıq Heydər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Eylər (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Düşmüşük yollara, qismət Allahdan,
Bəxtimizi qara, ya da ağ eylər.
Məsləhət onundu, biz nə çarəyik,
Dərdi sinəmizdə min bir dağ eylər.

Yurtdan ayrı düşmək borandı, qardı,
Zülümdü, bəladı, çətindi, dardı.
Didərgin ha desin mənim də vardı,
Yad gülər, söylənər, ya da lağ eylər.

Əlbət bol olacaq qəmi yurdsuzun,
Bulunmaz sevinci, dəmi yurdsuzun.
Aşıq Heydər kimi cəmi yurdsuzun,
Tanrı üstündədi, canın sağ eylər!