Eyləyim

Vikimənbə saytından
Eyləyim
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Ay nazənin, bir sualım var sənə,
Pünhan dərdim kimə aşkar eyləyim.
Axtardım elləri mən dönə-dönə,
Tapmadım dil qanan şikar eyləyim.

Kimə üz çevirdim, yad oldu mənə,
Nə deyim sirdaşsız ömürə, günə.
Bəxtimin çırağı az qalıb sönə,
İstərəm qəlb açan bazar eyləyim.

Şükür qıllam, Xudam səni yetirib,
Təzə gülü yolum üstə bitirib.
Məmmədhüseynin gəl ol dərdinə təbib,
Alım səni, mən vəfadar eyləyim.