Eyləyir (Aşıq Musa)

Vikimənbə saytından
Eyləyir
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Bozmolladan baxdım dağlar başına,
Gördüm bulud göydə fəqan eyləyir.
Baxırsanmı sən qəzanın işinə,
Boran yolu kəsib tüğyan eyləyir.

Dağların başını duman alıbdı,
Görünməz irahlar qarda qalıbdı.
Dedim ki, vaxtımız tamam olubdu,
Bad fərman gətirib, tufan eyləyir.

Musa deyər, kimlər gələr sorağa,
Kim nə bilir biz gəlmişik bu dağa.
Yıxılıb yoldaşım, durmur ayağa,
Özünü bir daşa mehman eyləyir.