Məzmuna keç

Fərasətsiz oğul

Vikimənbə saytından
Fərasətsiz oğul
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri varımış, biri yox imiş. Bir tacir var imiş. Bunun gözünün ağıqarası bir oğlu var imiş. Bu oğlanı çox istərmiş. Bu tacirin dünya malı dövlətindən başqa üç qəribə şeyi də var imiş. Bunlardan biri papaqdan, biri zurnadan, o biri torbadan ibarət imiş. Hər kəs papağı başına qoysa idi, kimsə onu görəmməzdi. Hər kəs zurnanı çalsa idi, camahat hüzuruna cəm olub ona itaət edərdi, torbanı yerə qoysa idi, orası qızıl olardı. Bu tacir öləndə vəsiyyət edir ki, onın oğluna heç sənət öyrətməsinlər, çünki onsız da o qədər dövlət-mal qoymuş ki, oğlan ölənə kimi yesə təmam olmaz.

Atası ölənnən sonra oğlan eyş-işrətə qalır. Həmən şəhərdə bir padişah varımış. Bu padişahın da Hildais adında bir gözəl qızı varmış ki, yaxşı nərd oynarmış. Bu qız eşidir ki, bu şəhərdə dövlətdi bir əyyaş tacir oğlunun üç qəribə şeyi var, özü də nərd həvəskarıdır. Bir gün qız atasından xahiş edir ki, həmən tacir oğlunu onun hüzuruna dəvət etsin. Şah qəbul edir. Oğlan qızın hüzuruna daxil olur. Qızı görüb ona aşiq olur, qız ilə nərd oynamağa başlayırlar. Qız oğlandan yaxşı oynadığından hər dəfə oğlanı udurdu. Beylə ki, oğlanın cəmi dövləti, torbası, zurnası əlindən gedir, ancaq bircə papaq qalır. Bundan sonra qız oğlanı hüzurindən qovur, oğlan axırda əliboş evinə qayıdır. Bir gün həmən oğlan papağı başına qoyub padişahın sarayına gəlir, çəkilib görür ki, padişahın arvatı qızıyla pilov yeyirlər. Bu da bir tərəfdə oturub yeməyə başlayır. Padişah görür ki, bunlar ilə dördüncü bir adam da xörək yeyir, amma kim isə görünməyir. Çox təəccüb edirlər.

Bu halda, padişahın qızının əli dəyib oğlanın başından papağı düşür, oğlan zahir olur.

Qız xahiş edir ki, oğlan onunla yenə nərd oynasın. Oğlan qəbul edir. Qız yenə bunu udu və papağını da əlinnən alır, sonra oğlanı qovur. Oğlan əliboş saraydan çıxır. Artıq o şəhərdə otura bilməyib səfər axtarırdı. Bir gün oğlan bir bağa çatır, görür ki, burada yaxşı alma ağacları vardır. Əl uzadır almanın birini üzüb yeyir, həmən saat bunun başında iki zorba buynuz çıxır. Oğlanın dərdi daha da artır. İndi buynuz ilə hara gedə bilər? Bir az irəli gedib görür ki, bir əzgil ağacı var. Bu əzgildən də bir dənə dərib yeyir, həmən saat buynuzları düşür. Oğlan bu işə sevinir. Bir xeyli alma, əzgil yığıb evinə qayıdır.

Bir qab almanın yaxşısından padişahın qızına göndərir. Padişahın arvadı qızı ilə bir-bir almalardan yeyirlər. Həmən saat hər birinin başından bir cüt zorba buynuz çıxır. Bu işə heyran qalırlar, nə qədər təbibləri dəvət edirlər, kimsə bunlara əlac edə bilməyir. Bu halda oğlan padişahın hüzuruna gəlib ərz edir ki, qızını maa ver, sizi bu bəladən xilas edim. Padişah əlacsız razı olur. Qızı kəbin kəsdirib oğlana verir. Oğlan da əzgildən onlara yedirib, o bəladən onları xilas edir. Sonra həmən qız, həmən papax, zurna, torba və həm də cəmi dövlətə sahib olur.