Fərhad evi

Vikimənbə saytından
Rəvayətlər. Fərhad evi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədim zamanlarda Fərhad adlı bir oğlan varmış. O, cüssəli, igid, mərd bir oğlanmış, həm də sənətkarmış. Gözəl şəkillər çəkər, heykəllər yonarmış. Adı-sanı hər tərəfə yayılıbmış. Uzaq ölkələrdən gəlib onu sarayları bəzəmək üçün aparırmışlar.

Fərhad sənətində kamil olduğu kimi, sözündə, məhəbbətində də dediyindən dönməzmiş. Günlərin birində Fərhad eşidir ki, Bərdədə Şirin adlı bir gözəl var. O, Şirini görmək üçün Bərdəyə üz tutur. Fərhad dostlarıyla Naxçıvan torpağından keçir, Şahbuzun sərin bulaqları, gur çayları Batabat dağları onu heyran qoyur. O, bir neçə gün burada qalır, bir gün üzünü yoldaşlarına tutub deyir:

– Mən bu yerlərə heyran olmuşam. Gərək bu gözəlliyə bir naxış vuram.

Fərhad külüngünü əlinə alır, uca dağlar qoynuna hücum çəkir. Az müddət içərisində qayalıqda bir ev düzəldir.

Fərhad işini qurtarıb Bərdəyə doğru yol alır. O vaxtdan Batabat yaylağında gecələyənlər həmin evin qonağı olur, Fərhadın sənəti qarşısında baş əyirlər.

İndi də Batabat yaylağında qalan həmin ev el arasında “Fərhad evi” adıyla tanınır.

Mənbə[redaktə]