Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın
Görünüş
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın Müəllif: Məhəmməd Füzuli |
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın.
Qaçıb bir dağə çıxdı Kuhkən, qurtarmağa canın.
Buraxmış itlərinə parə-parə könlümü ol məh,
Ulaşdırmış kəsib ərbabi-istehqaqə qurbanın.
Mənim çaki-giribanım görüb eyb eyləməz ol kim,
Görər sərməst çıxdıqda onun çaki-giribanın.
Könül, qəm həmdəmimdir qanın, ey göz mərdümü, içmə,
Bilirsən qanə-qandır, qəm sənə qoymaz onun qanın.
Gözün kim guşeyi-mehrab tutmuş din qılır yəğma,
Bu mülkün etmək olmaz fərq kafirdən müsəlmanın.
Gözüm mərdümlərin çoxdan qılırlar dəviyi-eşqin,
Nə hacət yaşların sormaq, anarlar Nuh tufanın.
Füzuli, çəkmə yarın oxların hər ləhzə yarəndən,
Sənəmi qaldı çəkmək hər zaman bir yar hicranın?