Məzmuna keç

Görün ki, bəhri-məani nə qəsdi-can eylər

Vikimənbə saytından
Görün ki, bəhri-məani nə qəsdi-can eylər
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.204.

Görün ki, bəhri-məani nə qəsdi-can eylər,
Sifati-surəti-rəhmani xoş bəyan eylər.

Qaşın, gözün nəzəri, bil yəqin ki, həqdəndir,
Həqin nəzərgəhi bilgil nə tərcüman eylər.

Təriqət ər dilər isən həqiqətə başla,
Həqə könül vericək eşq ona nişan eylər.

Bu gənci-vəhdətə gir gör sifati-ləmyəzəli
Ki, kafü nuna irişən özün əyan eylər.

Əyan gözün aça gör, yarı bigüman görgil,
Ki, yarı görücügəz çox səna bəyan eylər.

Hədisi-eşqü məhəbbət vücud içində gəlir
Ki, nunü vəl-qələmin sirrini əyan eylər.

Gəl, ey Nəsimiyi-sərgəştə, canı tərk eylə
Ki, can qəfəsdən uçar, əzmi-cavidan eylər.