Görünməz (Ağdabanlı Qurban)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görünməz
Müəllif: Ağdabanlı Qurban

Hurilərin şahı, gözəllər xası,
Mələklər qılmanı hanı? - görünməz!
Sallanıb ərkinən, nazınan gəzən,
Firəngin sultanı hanı? - görünməz.

Əl götürüb aşığından doyan yar,
Neştər vurub, bağrım başın oyan yar,
Yazıq canım nişanaya qoyan yar,
Gəzirəm dünyanı, hanı? - görünməz!

Bağban gərək barın qədrini bilə,
Sarvan gərək nərin qədrini bilə,
Zərgər gərək zərin dədrini bilə,
Qurbanın cananı hanı? - görünməz!