Görən bu tutuşla hara gedirik
Görünüş
Görən bu tutuşla hara gedirik Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Şura gəldi, bəylər çıxdı aradan,
Görən bu tutuşla hara gedirik?
Urus paşa oldu, qaxtağan qazı,[1]
Görən bu tutuşla hara gedirik?
Əsdi yollarıma boranlar, yellər,
Bizə düşmən oldu danışan dillər.
Bizdən nə anlasın gələn nəsillər,
Görən bu tutuşla hara gedirik?
Mən nə deyim, kor taleyə, kor baxta,
Gədalar ağa olub çıxıblar taxta.
Yurtda qan qusuruq biz laxta - laxta,
Görən bu tutuşla hara gedirik?
Yatağımda zarıncıyam, zar mənəm,
Qəfəsdəyəm, el içində ar mənəm.
Ay həzarat, bu dünyada xar mənəm,
Görən bu tutuşla hara gedirik?
Yalan dünya, yalançılar dünyası!
Odlanasan, talançılar dünyası!
Heydər der: gəlib qoçular dünyası,
Görən bu tutuşla hara gedirik?
Qeydlər
[redaktə]- ↑ "Qaxtağan" -gəlmə ermənilərə deyilir