Görəsən mən bu həyatda niyə varam

Vikimənbə saytından
Görəsən mən bu həyatda niyə varam?! (1996)
Müəllif: RAUF CAVAD

Görəsən mən bu həyatda niyə varam?!
Bəlkə həqiqətə arxa-dayaq yaram?!

Görmüş həyatın hər üzünü üz-gözüm,
Fəryad edib ağlar dilimdə düz sözüm!
Barışmır taleim də özümlə-özüm!
Yox, qalmayıb artıq ruh-bədəndə dözüm!
Nədən ağrıyar ağrı-acıdan yaram?!

Haqsızlığa, bilməm nədən dözməz ürək!
Yoxsa, qalmış, solmuş, ürəklərdə dilək?!
Ümidsizlikdən, ürəklər olmuş kövrək!
Qırılmış qəlblərə bəs kim eylər kömək?!
Sınıxır günü-gündən qəlb, aram-aram!

Yıxılır ümidlər də ayaq altına!
Lənət olsun zalım hökmdarın zatına!
Minmiş məmurlar, alçaqlar zülm atına!
Başı batsın kimin, yerin alt qatına?!
Bu yaralı qəlbləri, mən necə saram?!

Bəşərin dərdindən könlüm tutub qübar!
Ağlar halımıza yalnız sözlər, zar-zar!
Bu cəmiyyət kor olub, qulağı da kar!
Bu cahillərə heç söz də eyləmir kar?!
Ey bəşər, gəl artıq oyan! Mən şüaram!

Könlümdə yeganə ümidim yarımdır!
Şükr olsun Rəbbimə! O mənim varımdır!
Dilimdəki tək həqiqət şüarımdır!
Cümlə canım sözdə Gözəl Nigarımdır!
Rauf, dərd halımıza hər gün ağlaram!
     ...Müəllif:Rauf Cavad