Gördüm (Çoban Məhəmməd)
Görünüş
Gördüm (Çoban Məhəmməd) Müəllif: Çoban Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 34 |
Gedirdim, güzarım düşdü bu dağa,
Ovçu bərəsində maralı gördüm.
Yatıb inildəyir, durur boylanır,
Bir neçə yerindən yaralı gördüm.
Zalım ovçu onu alıb nişana,
Dəyib yaman güllə, bələyib qana,
Çox incidir, dönür o yana-bu yana,
Kəsilibdi səbri, qərarı gördüm.
Təbib olsam, yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram.
Məhəmmədəm, o səbəbdən ağlaram,
Ananı baladan aralı gördüm.