Gördüm (Aşıq Mirzə Bilal)

Vikimənbə saytından
Gördüm
Müəllif: Aşıq Mirzə Bilal
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.55

   
Çəmənlər qoynunda, güllər içində,
Mən səni çiçəklər əlində gördüm.
Şəkəri, badamı, noğulu, qəndi,
Ağzında, ləbində, dilində gördüm.

Zülfün kimi görməmişdim kamanı,
Səni gördüm, atdım dini, imanı.
İncini, mərcanı, qızıl şananı,
Qolunda, boynunda, telində gördüm.