Gördüm camalın şəmini rövşən, məhi-taban budur
Gördüm camalın şəmini rövşən, məhi-taban budur Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.229. |
Gördüm camalın şəm’ini rövşən, məhi-taban budur,
Hüsnün təaləllah dedim, həqdən gələn bürhan budur.
Xızrın həyatı gör necə zülmətdə zahir oldu kim,
Kövsər ləbindir aşiqə, can ilə həm canan budur.
Səcdə edər şəmsü qəmər, Zöhrəvü Mahü Müştəri,
Hüsni-camalın görməgə, hurü mələk, insan budur.
Aşiqlərin rizvanı çün hüsni-rüxündür, ey sənəm,
Ol aşiqi görmə əcəb kim, rövzeyi-rizvan budur.
Zərq əhlidir, yarəb, şəqi kim, tutmamış həq sözünü,
Qılmadı səcdə adəmə, gör kim, bu gün şeytan budur.
Səb’ülməsanidir üzün, inna fətəhnadır xətin,
Əlhəmdülillah, dür dişin, gör mə’dəni-hər kan budur.
Gülbərgi əkdim zülfünə, dağıldı üzün üstünə,
Gül bərgidir bu yasəmən, xalın güli-reyhan, budur.
Qıldı Nəsimi qibləsin şol qaşları mehrabına,
Qövli-Nəsimidir yəqin, ol həq deyən fərman budur.