Məzmuna keç

Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı

Vikimənbə saytından
Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı
Müəllif: Məhəmməd Füzuli


Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı.
Sayə tək bir yerdə durmağa qərarım qalmadı.

Bir gün olmaz tələtin görmək müyəssər, ah kim,
Zərrəcə ol gün yanında etibarım qalmadı.

Pak qıldı surətimdən zəf dəhr ayinəsin,
Öylə məhv oldum ki, bir zərrə qübarım qalmadı.

Qəm günü həmdəmlərim qərq oldular göz yaşinə,
Silməyə göz yaşimi bir qəmgüsarım qalmadı.

Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb,
Oldu əhvalım xərab, ol ruzigarım qalmadı.

Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi,
Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.

Ey Füzuli, el qamu əğyarım oldu yar üçün,
Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı.